26-11-2019, 18:20 Oxunub: 2254

Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT

Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT
Ağcabədi rayonunda bacısının keçmiş ərini öldürməyə cəhddə təqsirli bilinən 1985-ci il təvəllüdlü Mayis Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hadisə Ağcabədi rayonunun Kəhrizli kəndində baş verib. Kənd sakini Mayis Allahverdiyevin bacısı Səbinə həmkəndlisi Anatoli Quliyev ilə evli olub.

Arvadını boşadı, amma təqib etdi

Amma 2015-ci ildə Anatoli Quliyev ilə Səbinənin münasibətləri pozulub və onlar məhkəmə qaydasında rəsmən ayrılıblar. Mayis Allahverdiyev yeznəsinin bacısına ər-arvad kimi birgə yaşadıqları müddətdə lazımi qayğı göstərmədiyini, hamiləliyi ilə bağlı onu özünün hesabına müalicə etdirmədiyini öyrənib.
Bu olaylardan sonra Anatoli Quliyev Mayis Allahverdiyevin bacısından boşanıb, başqa bir qadınla ailə qurması, eləcə də, boşanandan sonra onun bacısını yaşadığı kənddə maşınla təqib edib və qanunsuz hərəkətlərə yol verdiyinə görə özünü təhqir olunmuş hesab edib.

Keçmiş yeznəsini öldürmək planı qurdu

Bu hərəkətlərinə görə Mayis Allahverdiyev qisas almaq məqsədilə Anatoli Quliyevi öldürmək qərarına gəlib. O, əvvəlcədən əldə etdiyi bıçağı özünə məxsus olan "VAZ-2107” markalı, 10-XX-702 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayıb.
Mayis Allahverdiyev dekabrın 1-də, saat 21-radələrində özünə məxsus olan "VAZ-2107" markalı avtomobili idarə edib və Ağcabədi rayonunun Şərəfxanlı kəndindən yaşadığı Kəhrizli kəndinə gəlib. O, Anatoli Quliyevin özünün "VAZ-2101" markalı avtomobilində tək eyni istiqamətdə hərəkətdə olmasını görüb.

Öldürmək planı

Mayis Allahverdiyev onu öldürməklə məqsədini həyata keçirmək üçün əlverişli imkan yaranması qənaətinə gəlib. Bu vaxt o, Anatoli Quliyevə işıq siqnalı verib, əli ilə işarə etməklə saxlatmaq istəyib.

Lakin Anatoli Quliyev avtomobilini dayandırmayıb və bu səbəbdən Mayis Allahverdiyev niyyətini başa çatdıra bilməyib.
Bundan sonra, Mayis Allahverdiyev yaşadığı Ağcabədi rayonunun Kəhrizli kəndinə gəlib. O, həmin kənddə yerləşən Cabbar Bəbişova məxsus olan ərzaq mağazasının qarşısında olarkən Anatoli Quliyevin mağazaya girdiyini görüb.

O, cinayətkar niyyətini başa çatdırmaq üçün mağazanın yaxınlığında saxladığı "VAZ-2107" markalı avtomobilinin salonunda əvvəlcədən gizlətdiyi bıçağı götürüb və sonuncunun çıxmasını gözləyib.

Qətl planı niyə baş tutmadı?

Anatoli Quliyev mağazadan çıxıb və özünün asfalt yolun əks tərəfində saxlamış olduğu "VAZ-2101" markalı avtomobilinə tərəfə gedib.
Bu zaman Mayis Allahverdiyev arxa tərəfdən ona hücum edib, bıçaqla kürək nahiyəsindən bir neçə dəfə zərbə endirib. Həmin vaxt yaxınlıqda olan kənd sakini Araz Əbilov onu tutaraq saxladığına görə növbəti bıçaq zərbələri endirməyə imkanı olmayıb.
Həmçinin Anatoli Quliyev qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

"Bacıma xərcləri özüm çəkmişəm”

İstintaq orqanı tərəfindən Mayis Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayis Allahverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, bildirib ki, iş üzrə zərər çəkmiş şəxs Anatoli Quliyev onun bacısı Səbinənin əri olub: "Biz Anatolini həm də Tofiq kimi çağırmışlıq. Anatoli bacım Səbinə ilə evli olduğu müddətdə daima bacımı incidib, ona qarşı haqsızlıqlar edib. Hətta bacım hamilə olduqda belə xərclərini əri kimi Anatoli deyil, şəxsən özüm çəkmişəm”.

"Bacımın üstündə maşın sürdü”

Təqsirləndirilən şəxs qeyd edib ki, Anatoli bacısından boşandıqdan sonra başqa bir qadınla ailə qurub, bacısını kənddə görərkən onun üzərinə maşın da sürüb: "Bu səbəbdən də bacım qorxu keçirtdiyindən işə belə getməyə qorxub. Buna görə də Anatoli Quliyevi qorxutmaq üçün ona dərs vermək qərarına gəldim. Səbəb isə bacıma qarşı belə bir şeyi bir daha etməsin, nə etdiyini anlasın, hərəkətlərinə fikir versin”.

"Öldürmək fikrim olmayıb”

Mayis Allahverdiyev qeyd edib ki, hadisə baş verən günü, saat 21 radələrində Ağcabədi rayonu Kəhrizli kəndindəki ərzaq mağazasına siqaret almaq üçün gəlib: "Siqaret aldım və mağazadan çıxarkən Anatolinin də maşını ilə gələrək mağazanın yanında saxladığını, mağazaya girdiyini gördüm. Onu qorxudub, dərs verməyi fikirləşdim. Bu məqsədlə maşınımda olan bıçağı götürərək mağazadan çıxandan sonra arxadan onu çağırdım. Anatoli mənə heç bir əhəmiyyət vermədi, maşınına tərəf getməyə davam etdi. Arxadan yaxınlaşaraq bıçaqla ona yüngül iki zərbə vurdum. Anatolini bıçaqla vurduğu vaxt orada ikimizdən başqa heç kim olmayıb. Anatoli Quliyevi öldürmək fikrim olmayıb. Anatolini öldürmək fikrim olsaydı, həmin vaxt bunu etmək imkanı olsa da, etmədim”.
Birinci məhkəmə ağır cəza verdi, təqsirləndirilən hökmdən narazı qaldı

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayis Allahverdiyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mayis Allahverdiyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab olunmasını istəyib.

Apelyasiya Məhkəməsi cəzanı dəyişdi

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti qismən təmin olunub. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib, cəzası 5 ilə endirilib.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Gəncə Apelyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini, Mayis Allahverdiyevin barəsində olan cinayət işinin yenidən araşdırılması üçün iş materialının apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Prokuror şikayət etdi, hökm qüvvədə saxlanıldı

Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, prokurorun protesti təmin edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ləğv edilib, işin araşdırılması yenidən apelyasiya instansiyasına qaytarılıb.

Gəncə Apelyasiya Məhkəməsində bu dəfə qurulan prosesdə şikayətin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, Mayis Allahverdiyevin şikayəti təmin edilməyib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bu qərardan narazı qalan Mayis Allahverdiyev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Mayis Allahverdiyevin şikayəti təmin olunmayıb.
Evdən qaçmaq istəyən qız anasını bıçaqlayıb Evdən qaçmaq istəyən qız anasını bıçaqlayıb Gündəm / Hadisə Xalq artistlərinin bacısının əri faciəli şəkildə öldü - YENİLƏNİB Xalq artistlərinin bacısının əri faciəli şəkildə öldü - YENİLƏNİB Gündəm / Hadisə “Azəriqaz”: Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri başa çatıb “Azəriqaz”: Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri başa çatıb Gündəm / İqtisadiyyat Pinti ərini bütün dünyada rüsvay etdi Pinti ərini bütün dünyada rüsvay etdi Gündəm / Maraqlı Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Gündəm / Sosial