AAYDA rəhbərliyində dəbdəbə qalmaqalı: Maliyyə idarəsində “qızıl toylar” gündəmdə

Son günlər sosial mediada və ictimai müzakirələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəhbərliyində keçirilən dəbdəbəli toy mərasimləri böyük səs-küy doğurub. Dövlət qurumunda çalışan bəzi vəzifəlilərin övladlarına milyonluq xərclərlə toy etməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Vətəndaşlar belə halları dövlət qulluqçularının sadəlik prinsiplərinə və dövlət başçısının şəffaf idarəetmə çağırışlarına zidd hesab edirlər.
Pravda.az-ın əldə etdiyi məlumata görə, səs-küylü toylardan biri AAYDA-nın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevə məxsusdur. O, oğlu Sənan Həmzəyev üçün Bakının ən tanınmış məkanlarından biri olan “Böyük Saray”da təmtəraqlı toy mərasimi təşkil edib. Məlumatlara əsasən, toyda 600 nəfər qonaq iştirak edib, hər dəvətnamənin hazırlanması 50 manata, bir masa isə 500 manata başa gəlib. Yalnız məclis xərclərinin özü on minlərlə manata yaxın olub. Bundan əlavə, toyda çıxış edən məşhur müğənnilərə, o cümlədən Aygün Kazımova, Röya Ayxan, Nuri Sərinlədici və digər tanınmış sənətçilərə ümumilikdə 200 min manatdan artıq qonorar ödənilib.
Müseyib Həmzəyevin oğlu üçün təşkil edilən bu toy, dövlət qurumunda çalışan yüksək vəzifəli şəxslərin gəlir mənbələri ilə bağlı suallar doğurub. Sosial şəbəkə istifadəçiləri “məmur maaşı ilə bu qədər dəbdəbəli toy necə mümkündür?” sualı ətrafında geniş müzakirələr aparırlar. Onların fikrincə, dövlət vəzifəsində çalışan şəxslərin bu cür nümayişkaranə sərvət sərgiləməsi ictimai etimada mənfi təsir göstərir və vətəndaşların ədalət hissini sarsıdır.
Ən maraqlısı odur ki, bu, son vaxtlar AAYDA-nın adı hallanan yeganə təmtəraqlı toy deyil. Bir neçə gün əvvəl qurumun Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun “Elux Events Hall”da keçirilən bahalı toyu da gündəmə gəlmişdi. Həmin toyda da məşhur müğənnilərə 150 min manata yaxın qonorar verildiyi, məkanın isə paytaxtın ən bahalı zallarından biri olduğu bildirilib. Toyda iştirak edənlər arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub və o, ailə quran cütlüyə 20 min ABŞ dolları dəyərində zinət əşyası hədiyyə edib.
Bu faktlar ictimaiyyətdə ciddi rezonans doğurub. Qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşən bir qurumun rəhbərliyində bu qədər bahalı mərasimlərin keçirilməsi, həmçinin yaxın qohumların rəhbərlik etdiyi MMC-lərin milyonluq vergi borclarına malik olması şəffaflıq baxımından narahatlıq yaradır.

Məlumatlara görə, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı “Bakı 1 №-li Yol İstismarı” MMC-nin rəhbəridir. Vergilər Nazirliyinin məlumat bazasında həmin MMC-nin 715 min 318 manat məbləğində vergi borcunun olduğu qeyd olunur. Bu fakt ictimaiyyətdə “ailə biznesinin dövlət qurumunun vəsaiti ilə əlaqəsi varmı?” sualını doğurub.
Məsələ ilə bağlı AAYDA-ya media sorğusu göndərilsə də, qurumdan heç bir cavab verilməyib. İctimaiyyət isə bu cür məsələlərdə susqunluğun doğru olmadığını bildirir. Ekspertlərin fikrincə, dövlət qulluğunda çalışan şəxslərin gəlir və xərcləri açıq şəkildə ictimaiyyətə təqdim edilməlidir.
Müstəqil ekspertlər hesab edirlər ki, bu hadisə təkcə bir toy qalmaqalı kimi yox, dövlət idarəçiliyində etik davranış qaydalarının pozulması nümunəsi kimi qiymətləndirilməlidir. Dövlət qulluqçuları, xüsusilə maliyyə sahəsində çalışan vəzifəlilər, ictimai vəsaitin səmərəli idarə olunmasına cavabdehdirlər. Onların ailə üzvləri üçün təşkil etdikləri dəbdəbəli mərasimlər isə cəmiyyətin bu prinsiplərə olan inamını zədələyir.
Bəzi sosial şəbəkə istifadəçiləri və jurnalistlər məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini araşdırma aparmağa çağırıblar. Onların fikrincə, bu cür hallar dövlətin antikorrupsiya siyasətinə zərbə vurur və digər dövlət qulluqçularına mənfi nümunə yaradır.
Maraqlıdır ki, Saleh Məmmədovun rəhbərlik etdiyi qurum son illər müxtəlif tender və infrastruktur layihələri ilə gündəmdə olub. Lakin hazırda baş verən “toy qalmaqalları” bu quruma olan ictimai etimadı kölgə altına salır.
İctimai rəydə belə fikirlər də səslənir ki, məmurların ailə tədbirləri şəffaflıq və etik qaydalar çərçivəsində keçirilməlidir. Çünki dövlət qulluqçusu vəzifəsindən kənarda da dövlətin simasını təmsil edir.
Hazırda ictimaiyyətin gözlədiyi əsas məsələ — bu hadisələrə aidiyyəti qurumların hüquqi və inzibati reaksiya verməsidir. Əgər iddialar doğru çıxarsa, bu, dövlətin nüfuzuna və vətəndaş etimadına zərbə demək olacaq.
Məsələnin davamı var.
Cəmiyyət şəffaf araşdırma, obyektiv mövqe və məsuliyyətli yanaşma tələb edir. Dövlət qulluğunda olan hər kəs üçün bu hadisə ciddi siqnal olmalıdır: xalqın inamı sərvətdən daha dəyərlidir.
Qarşı tərəfin mövqeyini tanıyırıq.
Qanunvekriminal.az







