Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Arif qızı Əliyeva müasir Azərbaycan cəmiyyətində strateji baxışa malik lider, yüksək zəkalı dövlət xadimi və dərin insani keyfiyyətləri ilə seçilən nadir şəxsiyyətlərdəndir. Onun fəaliyyətini yalnız siyasi terminlərlə izah etmək yetərli deyil – Mehriban xanım eyni anda bir neçə cəbhədə – dövlətçilik, mədəniyyət, sosial siyasət və humanitar sahələrdə aparıcı rol oynayır.
Mehriban Əliyevanın ictimai-siyasi arenaya daxil olması təsadüfi bir proses deyildi. O, uzun illər ərzində ciddi hazırlıq yolu keçmiş, müxtəlif layihə və təşəbbüsləri ilə cəmiyyətin etimadını qazanmışdır. Onun Heydər Əliyev Fonduna rəhbər təyin olunduğu ilk gündən etibarən həyata keçirdiyi genişmiqyaslı humanitar proqramlar təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində insanlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. O, fondun fəaliyyətində sadəcə rəhbər yox, ideya müəllifi, təşəbbüskar və icraçı kimi çıxış etmişdir.
Birinci Vitse-Prezident kimi Mehriban xanımın fəaliyyətində prioritet mövzulardan biri sosial müdafiə, əhalinin rifahının yaxşılaşdırılması və təhsil-tibb infrastrukturunun yenilənməsidir. Məhz onun təşəbbüsü ilə son illərdə yüzlərlə məktəb, xəstəxana, uşaq bağçası əsaslı şəkildə yenidən qurulmuş və ya yenidən tikilmişdir. O, cəmiyyətin ehtiyac içində olan, diqqətdən kənarda qala biləcək təbəqələrinə xüsusi həssaslıqla yanaşır: şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər, kimsəsiz uşaqlar və yaşlı insanlar daim onun diqqət mərkəzindədir.
Mehriban xanım Əliyevanın fəaliyyətində digər önəmli istiqamət milli-mədəni irsin qorunması və inkişaf etdirilməsidir. O, musiqidən memarlığa, xalçaçılıqdan ədəbiyyata qədər bütün sahələrdə Azərbaycan mədəniyyətinin yaşadılmasına və təbliğinə xidmət edən layihələrin əsas müəllifidir. Tarixi abidələrin bərpası, milli musiqi irsinin tədqiqi və qorunması istiqamətində atılan addımlar onun rəhbərliyi ilə sistemli şəkildə həyata keçirilir.
Siyasi lider kimi Mehriban Əliyeva daim təmkinli, ardıcıl və vətəndaşa yönəlik siyasət yürüdür. Onun üslubu sərt idarəçilikdən daha çox, dayanıqlı qərarların qəbuluna, dialoq və əməkdaşlığa əsaslanır. Ən çətin sosial problemlərin belə insan mərkəzli yanaşma ilə həllinə çalışır. O, müxtəlif bölgələrə səfərləri zamanı təkcə yerli rəsmi şəxslərlə deyil, adi vətəndaşlarla da birbaşa təmasda olur, onların düşüncələrini dinləyir və təklifləri nəzərə alır. Bu da onu digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Mehriban xanım, həmçinin, qadın liderliyi baxımından da Azərbaycan cəmiyyətində nümunəvi fiqurdur. O, öz fəaliyyəti ilə sübut edib ki, qadın eyni anda həm ailə dəyərlərinə sadiq bir ana, həm də yüksək vəzifəli, nüfuzlu bir ictimai-siyasi lider ola bilər. Onun timsalında Azərbaycan qadını müasir dünyada milli dəyərlərlə bəzənmiş, intellektual və məsuliyyətli obraz kimi təqdim olunur.
26 avqustda Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar tarix münasibətilə onu səmimi qəlbdən təbrik edirik. Mehriban xanım, xalqınıza verdiyiniz dəyər, millətinizə göstərdiyiniz xidmət, zəhmət və sədaqət qarşısında dərin təşəkkürümüzü bildiririk. Sizin kimi ziyalı, mərhəmətli və uzaqgörən liderə sahib olmaq Azərbaycan xalqı üçün böyük xoşbəxtlikdir.
Sizə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətinizdə davamlı uğurlar arzu edirik.
Doğum gününüz mübarək olsun, Mehriban xanım!










