Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimatı keçirilib

Lerik Bələdiyyəsinin fəaliyyətində rəqəmsallaşma, şəffaflıq və vətəndaşlarla operativ əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım olan rəsmi veb-saytın təqdimat mərasimi keçirilib.
Tədbirdə Lerik Bələdiyyəsinin sədri Ceyhun Zahidov çıxış edərək rəsmi veb-saytın yaradılmasının əhəmiyyətindən, müasir idarəetmə prinsiplərinin tətbiqindən, bələdiyyə fəaliyyətində şəffaflığın təmin olunmasından və vətəndaşlarla əlaqələrin daha da genişləndirilməsindən danışıb. Qeyd olunub ki, yeni veb-sayt həm Lerik Bələdiyyəsinin fəaliyyəti haqqında ictimaiyyətin operativ məlumatlandırılmasına, həm də Lerikin tanıdılmasına və bölgənin turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qurumların nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlipənah Bayramov, Yeni Azərbaycan Partiyasının sədr müavini Elnur Məmmədov və Lerik Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov Lerik Bələdiyyəsinin bu təşəbbüsünü yüksək qiymətləndirərək rəsmi veb-saytın yaradılmasını müasir dövrün tələblərinə uyğun, mühüm və təqdirəlayiq addım kimi dəyərləndiriblər.
Çıxışlarda vurğulanıb ki, rəqəmsal imkanların genişləndirilməsi, məlumatlara əlçatanlığın təmin edilməsi və ictimaiyyətlə qarşılıqlı əlaqələrin müasir platformalar üzərindən qurulması yerli özünüidarəetmənin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Təqdimat iştirakçıları tərəfindən böyük maraqla qarşılanan Lerik Bələdiyyəsinin rəsmi veb-saytı bələdiyyə ilə vətəndaşlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, fəaliyyətin şəffaf və operativ şəkildə ictimaiyyətə çatdırılmasına, eyni zamanda Lerikin tarixi, təbiəti və turizm imkanlarının tanıdılmasına yeni imkanlar yaradacaq.
Lerik Bələdiyyəsi rəqəmsallaşma və müasir idarəetmə istiqamətində fəaliyyətini davam etdirir.
https://lerik-belediyyesi.az keçid edib saytla tanış ola bilərsiniz.











