5-11-2019, 15:03 Oxunub: 2249

İraq hara gedir? Dünyanın ən zəngin ölkələrindən biri məhv olmaq astanasında - TƏHLİL

İraq hara gedir? Dünyanın ən zəngin ölkələrindən biri məhv olmaq astanasında - TƏHLİL

İraqın Kərbəla şəhərində bazar günü gecə baş verən iğtişaşlarda üç nəfər ölüb. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, axşam saatlarında Kərbəlada İran konsulluğuna hücum edən kütləyə qarşı yerli təhlükəsizlik qüvvələri həqiqi güllələrdən istifadə edib.

Axşam saatlarında konsulluq binası qarşısına toplanan kütləni dağıtmaq üçün polis əvvəlcə gözyaşardıcı qazdan istifadə edib. Şahidlərin məlumatına görə, aksiya iştirakçıları konsulluq binası qarşısında İran əleyhinə şüarlar səsləndirib. Daha sonra isə binaya hücum baş verib.

Bundan başqa, əl-Hurr rayonunda etirazçılar yolları bağlayaraq təkərlər yandırıblar. Oxşar aksiya Bağdadın mərkəzində Respublika körpüsü üzərində keçirilib və yanan təkərlər səbəbindən körpü uçmaq təhlükəsilə üzləşib.

Hökumət isə Bağdadın mərkəzinə, xüsusən də “yaşıl zona”ya gedən yolları bağlamağa çalışır. Polis hökumət binaları ilə yanaşı, aksiyaçıların ən çox yürüş elədiyi xarici neft şirkətlərinin binalarını qorumağa çalışır. Etirazçılar Bağdadın müxtəlif rayonlarında yerləşən ABŞ-ın “Exxon Mobil”, Rusiyanın “Lukoil”, İngiltərənin BP, İtaliyanın “Eni” kimi iri şirkətlərə gedən yolları bağlamağa çalışır.

İraq Baş naziri Adil Əbdülmehdi isə növbəti dəfə xalqa müraciət edərək aksiyaları dayandırmağa çağırıb. Baş nazir bu aksiyaların ölkəni iflic etdiyini, həyatın yenidən normal axarına dönməsi lazım olduğunu deyib.

Xatırladaq ki, İraqda etirazlar oktyabrın 1-də başlayıb. İlk vaxtlarda əsas şüarlar hökumətdəki korrupsiya və yeyinti faktları, hökumət orqanlarının yetərsiz fəaliyyətləri olub. Daha sonra şüarlar siyasiləşib və hökumətin istefası tələb olunub. Ancaq İraqda başlayan Ərbəin ziyarətləri səbəbilə aksiyalar dayandırılıb və oktyabrın 25-də yenidən bərpa olunub.

Ötən 10 gün ərzində ölənləri sayı artıq 100 nəfəri keçib. Etirazçılar, əsasən, Bağdadda səfirliklər və mərkəzi hökumət binalarının yerləşdiyi “yaşıl bölgəyə” daxil olmağa çalışsa da, təhlükəsizlik qüvvələri imkan vermir. Ümumilikdə isə İraqda etirazların başladığı 1 oktyabrdan bu günə qədər 250 nəfərdən çox insanın öldüyü və minlərlə insanın yaralandığı bildirilir.

İraqda aksiyalar zamanı media orqanları və jurnalistlər də xəsarət alanlar arasındadır. İraq Media Haqları Müdafiə Cəmiyyətinin hazırladığı hesabata əsasən, 17 KİV redaksiyası bağlanıb, 33 jurnalist sui-qəsdlə təhdid olunub, 14 jurnalist yaralanıb, 28 jurnalist isə döyülərək fəaliyyətinə maneə yaradılıb.

İraqda proseslərin getdikcə nəzarətdən çıxması artıq bu ölkə üçün deyil, region üçün təhlükəyə çevrilir. Məsələ ondadır ki, 2003-cü ildə ABŞ-ın hərbi müdaxiləsindən sonra İraq, belə demək olarsa, hələ də özünə gələ bilmir. 40 milyona yaxın əhalisi olan və illik 3 faizlik artımla dünyada əhalisi ən sürətlə artan ölkələrdən biri olan İraq həm də 142 milyard barel neft ehtiyatı ilə dünyanın ən nəhəng neft ölkələrindən biridir.

Hazırda İraqda gündəlik 4 milyon bareldən çox neft istehsal edir. Üstəlik, bu ölkənin böyük kənd təsərrüfatı potensialı, Yaxın Şərq üçün mühüm əhəmiyyət kəsb edən süni suvarma imkanları var. Hər il milyonlarla şiə zəvvar İraqda yerləşən Nəcəf, Kərbəla, Samirə kimi şəhərləri ziyarət edir.

Lakin dövlət sisteminin oturuşmaması, böyük miqyasda korrupsiya ölkənin inkişafına mane olur. Xüsusən 2014-cü ildə İŞİD-in güclənərək ölkənın az qala üçdə birini işğal etməsi İraqın onsuz da zəif olan sosial-siyasi, iqtisadi potensialına ağır zərbə vurdu.

Və ən əsası, bu zəngin Yaxın Şərq ölkəsi hələ də regionda mübarizə aparan böyük güclərin hədəfindədir. İraqdakı son hadisələr də İran və ABŞ, eləcə də, onun müttəfiqləri arasındakı gizli savaşın nəticəsidir.

İraq əhalisinin böyük əksəriyyətinin şiə olması və tarixi şiə elm mərkəzlərinin bu ölkədə yerləşməsi İranın bu ölkədəki siyasi dayaqlarının qurulmasında mühüm rol oynayıb. Üstəlik, İŞİD terror təşkilatının İraqda fəallaşmasından sonra Tehran İraqda şiə müqavimət qruplarının yaradılmasında yaxından iştirak edib.

ABŞ isə ənənəvi dünyəvi siyasi qruplar, eləcə də, kürd və bəzi sünni siyasətçilər vasitəsilə İraq üzərində təsirini davam etdirib. Lakin xüsusən son illərdə ABŞ və İran arasında regionda baş verən mandat müharibələrinin İraqa da sirayət edəcəyi gözlənilirdi. Xüsusən son üç ildə regionda siyasi aktivliyini artıran Səudiyyə Ərəbistanı İraqda siyasi dairələr, o cümlədən, şiə siyasi qrupları ilə əlaqələr yaradıb. İraq baş nazirləri bir neçə dəfə ər-Riyada dəvət olunub.

Bundan başqa, İraqın ən nüfuzlu şiə ailələrindən olan Sədr ailəsinin təmsilçisi Müqtəda əs-Sədr son illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanına səfər edərək vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüb, danışıqlar aparıb. İraqın bu xətti, əslində, regional oyunlara alət olmamaq istədiyi, İran və ərəb bloku arasında qarşıdurma meydanı olmaq istəmədiyi, bir başqa tərəfdən, İranın regional “kölgəsi” kimi görünməkdən imtina cəhdi kimi yozulurdu. Xüsusən Sədrin son illərdə daha çox ümmət və millət üzərinə vurğu etməsi diqqət çəkirdi.

Lakin bütün bunlar daha “üstdə” oynanan oyunlardır. Sadə İraq əhalisi isə narazıdır. Son 16 ildə, yəni İraqda Səddam Hüseyn hakimiyəti devrilib yeni hakimiyyət qurulduqdan bu yana İraqda 450 milyard dollar vəsait yoxa çıxıb.

Zəngin İraq indi normal elektrik enerjisi, içməli su və sosial xidmətlərdən məhrumdur. İraqda ilk etirazlar da məhz sosial tələblərlə başladı. Çünki xalq daha çox gündəlik ehtiyaclarının təmin olunmasını tələb edir.

Uzun illər Fransada yaşamış təcrübəli iqtisadçı olan hazırkı Baş nazir Adil Əbdülmehdi İraq siyasi qüvvələrinin birgə razılığı əsasında seçilsə də, təcrübəli Baş nazir ölkədəki ciddi problemləri həll edə bilmir.

Baş nazir istefa çağırışlarını da qəbul etmir. Çünki onsuz da hər seçkidə hökumət qurmaqda çətinlik çəkən İraqda yeni seçkilərin ölkədə hansı nəticələr doğuracağı məlum deyil. Baş nazir isə hətta parlament çoxluğunun lideri Müqtəda əs-Sədrin çağırışlarına baxmayaraq, istefa vermək istəmir. İraq isə çabaladıqca hər gün daha da dərinə batmaqdadır.

İndi ölkə iki yol ayrıcındadır. Ölkə ya mövcud seçki və siyasi sistemdən imtina edib yeni seçkilərə getməli, daha çevik və islahatçı hökumət qurmaqla mövcud problemlər həll olunmalıdır, ya da yeni bir diktaturanın qurulması qaçılmaz olacaq. Üçüncü yol isə xaos və anarxiyanın davam etməsidir.
ABŞ İranla bağlı ciddi HƏRƏKƏTƏ KEÇDİ - Zərbələr endiriləcək ABŞ İranla bağlı ciddi HƏRƏKƏTƏ KEÇDİ - Zərbələr endiriləcək Gündəm / Dünya Honkonq qarışdı: etirazçılarla hökumət tərəfdarları arasında toqquşmalar Honkonq qarışdı: etirazçılarla hökumət tərəfdarları arasında toqquşmalar Gündəm / Dünya Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR Gündəm / Kriminal Söz verib yerinə yetirməyən meri maşına bağlayıb küçədə sürüdülər Söz verib yerinə yetirməyən meri maşına bağlayıb küçədə sürüdülər Gündəm / Dünya Bakıda taksi sürücüsünə hücum: Sifətinə yumruq vurub soydular Bakıda taksi sürücüsünə hücum: Sifətinə yumruq vurub soydular Gündəm / Hadisə