25-11-2019, 11:17 Oxunub: 2258

Heyif ki, bu azərbaycanlını deport edə bilmirik – AXI NİYƏ?!

Heyif ki, bu azərbaycanlını deport edə bilmirik – AXI NİYƏ?!

Və ya Tulaya öz samovarınızla getməyin...



Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.



Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”



Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.



AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.



Yay axşamları Bakının adamboğan bürküsündən yaxa qurtarmaq üçün tez-tez dənizkənarı bulvara çıxırdıq. Orada ya qulağında sırğa olan gədələri, ya da oteldən çıxanda “yupka”sını unutmuş yerli və əcnəbi xanımları, özünü hələ də Ərəbistandakı səhrada bilərək, qazonun üstündə bardaş quran ərəbləri görəndə, yəqin ki, bir çox şəhər sakini kimi, mənim də ürəyimdən bu sözlər keçirdi: “Görəsən, biz də bunların yerində belə etsək, necə qarşılayarlar?!”



Əslində biz haqlı idik. Çünki şəhərimizə gələn qonaqların özlərini bu şəhərin, bu ölkənin yazılan və ya yazılmayan ədəb və mental qaydalarına uyğun aparmalarını istəyirdik.



Amma mətbuatda ara-sıra bizimkilərin daimi və müvəqqəti yaşayış yerlərində özlərini necə aparmaları barədə məlumatlar oxuyanda, başa düşürəm ki, mən və mənim kimilər haqsızıq. Axı niyə haqsızıq?! Bunun çox sadə izahı var. Bunun adını maddələrin itməməsi qanunu qoyursuz, nə qoyursuz bilmirəm, amma insanın elədiyi necə bumeranq kimi özünə qayıdırsa, bir millət olaraq, xaricdə elədiklərimiz də bu gün bizim şəhərə geri qayıdır.



Bir zamanlar təzə populyarlaşan İbrahim Tatlısəs Almaniyaya konsert vermək üçün gedir. Və orada, əsasən kasıb türk fəhlələrini, dağdan- dərədən, qoyundan-quzudan oxumaqla Vətən üçün kövrəldən sənətkar, hər zaman öz köklərinə bağlı olmasını nümayiş etdirməyi sevdiyi üçün, Berlində bunun zibilinə düşür. Otelin sakinləri resepşına xəbər göndərirlər ki, bəs qoymayın, yanğınsöndürən çağırın, yanırıq.



Məlum olur ki, öz vətəni üçün qəribsəyən İbrahim bəy, beşulduzlu otelin balkonunda manqal qoyub kabab bişirmək qərarına gəlir. Otel sahibləri nə qədər çalışsalar da, türk ulduza bunun niyə qadağan edildiyini başa sala bilmirlər. Adam, “ben böylə gördüm, gəlin, siz də yeyin, ağzınız tada gəlsin” kimi sözlərlə müdafiə olunur. Amma, ora Almaniyadır – qonağı böyük bir məbləğdə cərimə edirlər.



Türk mətbuatında oxuduğum bu maraqlı tarixcə, bizimkilər xaricdə öz mədəniyyətlərini göstərəndə, guya ki, köklərinə nə qədər bağlı olduqlarını göstərmək istəyəndə, yadıma düşür. Gah hamının gözü qabağında qız qaçırırlar, gah küçənin o tayından bu tayına, sanki hansısa dağ kəndindəki kimi qışqırıb, bir-birini çağırırlar, gah bir şadlıq edəndə toy karvanını küçədə saxlayıb, yolun ortasında oynayırlar, gah da yanından gedən xanımların hamsına söz atmaqla, verilən cavaba qızıl dişlərini göstərərək, gülməklə, özlərinin azərbaycanlı olmasını nümayiş etdirirlər.



İndi bu sətirləri oxuyanlar deyəcəklər ki, bu niyə öz millətini bəyənmir, stereotiplərlə düşünür, bizimkilərdən yaxşısı yoxdur, filan. Siz Allah, qurtarın bu yalançı vətənpərvərliyi: hamınız gözəl bilirsiniz ki, dediklərimin həqiqət yükü sizin etirazlarınızın gücündən çoxdur. Getdiyimiz, yaşadığımız ölkədə milli kimliyimizi başqa cür nümayiş etdirməliyik, həm də bu dövlətin qanunlarını, mentallığını pozmadan, xətər yetirmədən.



Məsələn, Tulaya öz samovarınızla getməyin – bu, gülünc və qəbuledilməzdir. Psevdopatriotlara daha bir “svejiy” sübut.



Noyabrın 20-də Sankt-Peterburqda Azərbaycan vətəndaşı Lütfulla Rzayevə qarşı Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb. Buna səbəb isə vətəndaşın noyabrın 15-də yaşadığı Starorusskiy prospektində, binanın həyətində bir qoç kəsməsidir. Rusiya ərazisində heyvan kəsimi üçün xüsusi yerlər var və heyvanı ancaq orada öldürmək olar. Əks halda uşaqlarının gözü qabağında heyvan kəsilməsini qanlı səhnə kimi qəbul edən və bunu aşırı vəhşilik kimi qəbul edən Sankt- Peterburq sakini polisə müraciət edəcək. Necə ki, edib.



Bəli, araşdırma zamanı məlum olub ki, azərbaycanlı qoçu baş tutan toy mərasimindən sonra qurban olaraq kəsib. Olmaz da, qardaşlar, olmaz! Yaşadığınız Peterburq cəmiyyəti Bakı deyil. Orada qurban və ya qeyri-qurban - kefinizə düşən kimi harada gəldi, heyvan öldürə bilməzsiniz. İndi həmyerlimizi 300 mindən - 500 min rubla qədər cərimə gözləyir. Hətta onun deport edilməsini istəyənlər də var.



Amma bu məsələdə mənə bilirsiniz, ən çox dəyən nə idi? Rusiya mətbuatı yazırdı ki, “Təəssüf ki, orta əsrlərin vəhşi ənənəsi ilə yaşayan bu adamı deport etmək mümkün deyil. Çünki bu azərbaycanlı Rusiya vətəndaşıdır”. Məşhur məsəldə deyildiyi kimi, bu sözlər qanana ana söyüşündən də pisdir!



Nə qədər ki, biz Rusiyada, Avropada küçədə, obrazlı desək, qoyun kəsməkdə davam edəcəyik, mən və mənimkimilər “Torqovı”da baş verənlərə etiraz edə bilməyəcəyik. Bildirsək belə, haqsızıq. Biz onların küçələrində özümüzü evdəki kimi aparmaq istəyiriksə, onlar da bizdə belə edəcəklər. Bunu, sadəcə anlamaq lazımdır. Sankt-Peterburqda, küçənin ortasında əlindəki bıçağı qoçun boğazına dirəyən həmyerlimiz bu barədə fikirləşməyənə qədər, şəhərimizdə də situasiya dəyişməyəcək.



Bəlkə də dediklərimi şişirdilmiş hesab edənlər var, amma bu, belə faktların millətlərin imicinə təsir etməməsi anlamına gəlmir.
7 ildir tikilən metro: açılış niyə yubanır? - RƏSMİ CAVAB 7 ildir tikilən metro: açılış niyə yubanır? - RƏSMİ CAVAB Gündəm / Sosial Bakıda 12 gündür itkin düşən tələbənin atası: "Oğlumu "8-ci km" bazarında görüblər" Bakıda 12 gündür itkin düşən tələbənin atası: "Oğlumu "8-ci km" bazarında görüblər" Gündəm / Hadisə Ekspertdən küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ Ekspertdən küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ Gündəm / Sosial Müəllimlər üçün növbəti imtahan keçiriləcək Müəllimlər üçün növbəti imtahan keçiriləcək Gündəm / Sosial Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Gündəm / Dünya