26-02-2026, 11:21 Oxunub: 238

Xocalı faciəsi şahidinin yaddaşından silinməyən gecə: "Atam elə bilmişdi ki, ölmüşük"


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Həmin gecə minlərlə dinc sakin mühasirədə olan şəhəri tərk etməyə məcbur oldu. Cəmi 14 yaşında Xocalı faciəsinin şahidi olan Sevinc Vəliyeva mühasirədə keçən son günləri, ailəsindən ayrı düşdüyü anları və əhalinin sağ qalmaq uğrunda apardığı mübarizədən danışıb.

 

O, Oxu.Az-a müsahibəsində həmçinin faciədən sonrakı həyatı, ailə üzvlərinin taleyi, müharibə dövründə yaşanan itkilər və bu gün azad olunmuş torpaqlara qayıdışla bağlı fikirlərini bölüşüb.

 

- Sevinc xanım, Xocalı faciəsinə gedən yol necə başladı və bu prosesləri necə xatırlayırsınız?

 

- 1992-ci ilin 9 fevralında mənim 14 yaşım tamam olmuşdu. Həmin ərəfədə Xocalı blokadada idi. Fevralın 25-i axşam saatlarında evdən çıxdıq. Kənd camaatı növbə ilə kəndi qoruyurdu. İşıqlar da yanmırdı deyə tez yatırdıq. Atam həmin axşam növbədə idi. Gəlib bizi oyatdı ki, gedirik. Saat 23:00-da bizə xəbər gəldi ki, ermənilər artıq Xocalı Hava Limanındadırlar. Məcburən Qarqar çayı istiqamətindən meşəyə üz tutduq. O vaxt Xocalı sakinlərinin sayı təxminən 7 000 nəfər olardı. Amma əvvəlcədən çıxanlar da çox idi. Həmin axşam təxminən 2 500 nəfər meşəyə üz tutdu və Ağdamın Şelli kəndi istiqamətinə getməyə başladıq. Normalda Şelli kəndinə meşə yolu ilə 2 saata çatmaq olurdu. Amma həmin gün 7-8 saata gedib çatdıq. Çünki qarlı hava şəraiti, soyuq və qadınların, uşaqların olması fiziki baxımdan yolu çox çətinləşdirirdi. 26 fevral səhərə yaxın Xocalının Naxçıvanlı (əvvəlki adı Naxçıvanik -red.) kəndinə çatdıq. Kənd Əsgəran rayonuna yaxın idi. Qəfildən qarşımızdan içində dörd erməni olan UAZ markalı maşın keçdi. Əhali çox idi deyə bizə heç nə edə bilməyəcəklərini düşünüb heç nə olmamış kimi yollarına davam etdilər. Lakin üzərindən 10 dəqiqə keçməmiş bizə tərəf atəş açmağa başladılar. Mən o səhnəni ancaq filmlərdə görmüşəm. 14 yaşlı yeniyetmə kimi gördüyüm faciəni sözlə ifadə edə bilmirəm. Təsəvvür edin, əliyalın insanlara qarşı zirehli texnikadan istifadə edirdilər ki, heç kim sağ qalmasın. Yer ağappaq qar idi, qarın üstü isə qıpqırmızı qan. Hər kəs yaşamaq uğrunda mübarizə aparırdı. Kütləvi qırğın da Naxçıvanlı kəndi istiqamətində baş verdi. İtkin və əsir düşənlər isə Xocalını gec tərk edənlər idi.

 

Xocalı faciəsi şahidinin yaddaşından silinməyən gecə: Atam elə bilmişdi ki, ölmüşük

 

- Ailənizdən şəhid olan, yaralanan, itkin və əsir düşən oldu?

 

- Ailədə 4 nəfər olmuşuq: atam, anam, mən və qardaşım. Biz hələ meşədə bir-birimizdən ayrı düşmüşdük. Qardaşım, sonra atam, sonra da anamla mən Ağdama ayrı-ayrı çatmışdıq. Səbəb də bu idi ki, o qədər səssiz-səmirsiz hərəkət edirdik ki, bir-birimizi itirsək də, xəbər edə bilmirdik. Çünki tapşırıq var idi ki, bir-birimizi çağıra bilmərik, səsimiz eşidilsə, ermənilər xəbər tutub yerimizi bilə bilərlər. Bizim ailədən ölən olmasa da, yaxın qohum-əqrəbamız gözümüzün qarşısında şəhid oldu. Amma əvvəlcə Allahın, sonra isə Milli Qəhrəmanımız Əlif Hacıyevin sayəsində biz sağ qaldıq. Bizi qorumağa, xilas etməyə çalışırdı, lakin gözümüzün qarşısında şəhid oldu.

 

- Xocalını tərk edəndən sonra harada yerləşdiniz? Hansı hadisələr baş verdi? 

 

- Xocalını tərk edəndən sonra Ağdama çatdıq. Orada qohumlarımız var idi. Şelli kəndində ocaq qalayıb çay gətirirdilər, soyuqdan qorunmaq üçün adyal verirdilər. Atamı və qardaşımı da orada axtarmağa başladıq. O qədər dəhşətli səhnə idi ki. Üzərindən 34 il keçib, amma unutmaq mümkün deyil. Anamla mən meşədə cəsədlərin arasında gizlənəndə atam bizi görüb paltarımızdan tanıyıb. Qışqırıb bizə tərəf gələndə qohumumuz atamı saxlayıb ki, onsuz da ölüblər, getməklə heç nə dəyişməyəcək. Sonra atam Ağdama çatanda bizdən əlini üzüb qardaşımı axtarmağa başlayıb. Biz onlardan sonra Ağdama çatmışdıq. Bir-birimizdən xəbərsiz idik deyə, biz də atamla qardaşımı axtarmağa başladıq. İllər keçər, yaşlanaram, hər şeyi unudaram, amma atam bizi görəndə rənginin bir anda necə dəyişdiyini heç vaxt unutmaram. Gözlərinə inanmadı ki, biz sağ-salamatıq. Bizi qucaqlayıb ağladı və qardaşım Oqtayı tapa bilmədiyini dedi. Ağlaya-ağlaya qardaşımı axtarmağa başladıq. Bir də gördük ki, bir ocağın başında sakitcə dayanıb isinir.

 

Xocalı faciəsi şahidinin yaddaşından silinməyən gecə: Atam elə bilmişdi ki, ölmüşük

 

- Ağdamdan sonra hadisələr necə cərəyan etdi?

 

- Atam Xocalı faciəsindən sonra yenidən döyüşlərə qayıtdı. Həm də müharibə veteranıdır. 1993-cü ildə isə geri qayıtdı. Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Hətta qayıdandan sonra onun üçün təyin edilən "Müharibə veteranı" təqaüdündən imtina etdi ki, vətəni pula görə qorumayıb. Atam qayıdandan sonra əmim Zahid Xudiyev döyüşlərə yollandı, 1994-cü il fevralın 19-da isə şəhid oldu. İkinci Fəxri xiyabanda dəfn olunub.

 

Xocalı faciəsi şahidinin yaddaşından silinməyən gecə: Atam elə bilmişdi ki, ölmüşük

 

- Xocalısız yaşamaq çətin olmadımı?

 

- 1992-ci ildən Pirşağıda yaşamağa başladıq. Mən Xocalını o qədər sevirdim ki, heç yerə uyğunlaşa bilmirdim, hər gün ağlayırdım. Elə oldu ki, anamla nənəm həmin ərəfə Ağdama getmişdilər, o vaxt Ağdam işğal olunmamışdı. Demişdim ki, mənə torpaq gətirsinlər. Hər gün həmin torpağa baxırdım, öpürdüm, qoxlayırdım.

 

- Xocalıya gələn döyüşçülərdən hansılar yaddaşınızın ən dərin qatlarında bu gün də yaşayır?

 

- Xocalıya son günlərdə Milli Qəhrəman Aqil Quliyevin dəstəsi gəlmişdi. 21 nəfər idilər. Ətrafla əlaqə kəsildiyindən Aqil Quliyevin və dəstəsinin ərzaqla təminatını xocalılılar öz boyunlarına götürmüşdülər. Onlardan üçü bizdə qalırdı. İkisinin adını unutmuşam, amma biri Hafiz Nuriyev idi. Onun meşədə başını kəsmişdilər. Həmin gecə biz evdən tələsik çıxdığımız üçün nazik paltar geyinmişdim, ayaqyalın idim. Anamın belimə bağladığı adyal isə belimdən sürüşüb düşürdü. Hafiz Nuriyev belindəki kəməri çıxarıb adyalın üstündən bağlamışdı ki, düşməsin. Əlcəklərini də əllərimə geyindirmişdi. Onu heç vaxt unutmaram, mütəmadi olaraq məzarını ziyarət edirəm.

 

Xocalı faciəsi şahidinin yaddaşından silinməyən gecə: Atam elə bilmişdi ki, ölmüşük

 

- Bütün bu hadisələr sizin sonrakı həyatınıza necə təsir etdi?

 

- Mən 14 yaşımda böyüdüm. Uşaqlığımı yaşamadım. Bakıda oxudum, təhsil aldım, işlədim. Hər zaman şəhid ailələrinin yanında olmağa, əlimdən gələn dəstəyi göstərməyə çalışmışam. Çünki həmin əziyyətləri daha yaxşı bilirəm. Hazırda da Pirşağıda yaşayırıq. Mərhələli şəkildə biz də torpağımıza geri qayıdacağıq.

 

- Xocalıya ilk dəfə gedəndə nə hisslər keçirdiniz?

 

- Xocalı işğaldan azad olunandan sonra iki dəfə getmişəm. Birinci dəfə gedəndə isə dəhşətə gəldim. Keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Anam və qardaşım vəfat ediblər. Xocalıdan torpaq gətirib anamın məzarının üstünə səpdim. Xocalıda evimizi tapdım, bir hissəsi qalıb. Xatirə qalsın deyə bəzi əşyalar da gətirdim. Xocalıda 32 ildən sonra bibimin, Laçında isə babamın məzarını tapdıq. Atamın isə 74 yaşı var, tələsir ki, Xocalıya tez qayıtsın. Həyatımız Xocalısız çətinliklə keçsə də, əsas odur ki, həmin məşəqqətli günlər geridə qaldı, torpaqlarımız işğaldan azad edildi, dədə-baba yurdlarımıza köç başlayıb. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin ki, bizə bu zəfəri yaşatdılar.

 

Xocalı faciəsi şahidinin yaddaşından silinməyən gecə: Atam elə bilmişdi ki, ölmüşük

 

- Gələcək üçün arzularınız nədir?

 

- Arzu edirəm ki, bütün rayonlarda Xocalı soyqırımını əks etdirən abidə olsun. Bir də Bakıdakı Xocalı abidəsi şəhərin mərkəzi küçələrindən birində olsa, daha yaxşı olar ki, paytaxtımıza gələn qonaqlar, xarici turistlər bu abidəni görə bilsin, haqqında maraqlanıb məlumat əldə etsinlər. Xocalı faciəsi bütün dünyada tanınmalıdır və hamı bilməlidir ki, işğalçı Ermənistan azərbaycanlıların başına hansı müsibətləri gətirib.

 

Mərahim Nəsib

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər Gündəm / Sosial "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva Gündəm / Mədəniyyət