13-06-2020, 20:54 Oxunub: 2277

Vasif Talıbov deputatın mandatını əlindən aldı

Vasif Talıbov deputatın mandatını əlindən aldı



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Asəf Tağı oğlu Tağıyevin deputat mandatına xitam verib. Bu barədə Hurriyyet.org-a verilən məlumatda deyilir ki, təxminən iki ay öncə Asəf Tağıyev Naxçıvanın Şərur rayon Aralıq kənd (Vasif Talıbov bu kənddə anadan olub-red.) xəstəxanasının baş həkimi vəzifəsindən azad edilmişdi. Belə ki, həmin vaxt keçmiş baş həkimin oğlu Rövşən Tağıyev də məlumatı təsdiqləmişdi. Asəf Tağıyevin deputat mandatının ləğvi, baş həkim vəzifəsindən azad edilmə səbəblərinə keçməzdən öncə nəzərinizə çatdıraq ki, onun oğlu Rövşən Tağıyev əvvəllər Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsində polis mayoru rütbəsində çalışıb.

Bu, həmin Rövşən Tağıyevdir ki, polis orqanlarından uzaqlaşdırılması hesabına olsa belə, 1991-ci ildən nəşrə başlayan “Hürriyyət” qəzetinin elektron versiyası olan Hurriyyet.org saytının dublikatını çıxarmaqla gündəmə gəlməyə, bizim mətbuatda əldə etdiyimiz mövqedən, nailiyyətlərdən yararlanmağa çalışıb. Qeyd edək ki, bu adam ilk öncə Hurriyet.az adlı sayt yaradıb, daha sonra həmin saytın adını dəyişdirərək Hurriyet.com.az edib. Halbuki bu, açıq-aşkar şəkildə müəllif hüquqlarının kobud formada pozulması, plagiatçılıqdır. Çünki “Hürriyyət” adı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində patentləşdirilib və bu günə qədər də həmin patent “Hürriyyət” qəzetindədir. Bundan başqa, Rövşən Tağıyevin əməlləri həmçinin, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun və “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın tələblərinə tamamilə ziddir. Belə ki, “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 4-cü prinsipində birmənalı şəkiləd qeyd olunur ki, plagiat yolverilməz hərəkətdir və bütün hallarda ədəbi oğurluğun hər hansı bir forması qəbuledilməzdir. Bildirilir ki, jurnalist müəlliflik hüquqlarına və müəlliflik hüquqları barədə müqavilələrin şərtlərinə hörmətlə yanaşmalıdır. Bütün bunlar bir daha onu təsdiqləyir ki, “Hürriyyət” qəzeti “Hürriyyət” adından istifadə edən Rövşən Tağıyevin əməllərinə hüquqi qiymətin verilməsini, onun Hurriyyet.org saytının dublikatını yaratdığına görə cəzalandırılmasını, adıçəkilən plagiat saytların fəaliyyətinin dayandırılmasını tələb etməkdə tamamilə haqlıdır. Lakin buna baxmayaraq, indiyədək müvafiq qurumlar tərəfindən Rövşən Tağıyevin qanunazidd hərəkətlərinə lazımı reaksiya verilməyib.

İndi isə keçək, plagiat sayt rəhbərinin atası ilə bağlı məsələyə. Beləliklə, Asəf Tağıyevin Şərur rayon Aralıq kənd xəstəxanasının baş həkimi vəzifəsindən azad edilməsi ilə bağlı kifayət qədər ilginc məlumat verən araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün “facebook” səhifəsində qeyd etmişdi ki, sabiq baş həkim Aralıq kəndində koronavirusun qeydə alınmasından sonra bu faktı ört-basdır etməyə çalışıb: “Naxçıvanın Şərur rayonunun Aralıq kəndində koronavirusun yayılması və bununla bağlı Vasif Talıbovun göstərişi ilə kənd xəstəxanasının baş həkimi Asəf Tağıyevin işdən çıxarılması barədə məlumatları qeyd etmişdim. Əslində təfərrüatı ilə məlumatım vardı, sadəcə rəsmi qurumları real vəziyyəti gizlətməməyə, rəsmi açıqlama verməyə çağırmışdım. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayaraq 18 nəfərdə belə bir virusun aşkarlandığını, onlardan 17 nəfərinin xüsusi rejimli xəstəxanada müalicələrini davam etdirdiyini təsdiq edib. İndiyə qədər muxtar respublika rəhbərliyi real vəziyyəti nəinki təhrif edirdi, hətta faktları gizlədirdi. Səbəbi təkcə Naxçıvanda problemlərin ört-basdır edilməsi ənənəsi ilə bağlı deyildi, həm də onunla bağlıdır ki, muxtar respublikada virusa yoluxma faktı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumlarında da qeydə alınıb. Belə ki, virusa yoluxanlar arasında Vasif Talıbovun Aralıq kənd sakini olan 1968-ci il təvəllüdlü əmisi nəvəsi və onun ailə üzvləri də var. Etika xatirinə həmin şəxslərin ad və soyadlarını yazmıram”. Virusun mənbəyinin İran olduğunu vurğulayan Cavanşir Həsənlinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında koronavirusa ilk yoluxma faktı Vasif Talıbovun əmisi nəvəsinin Xök kəndindən olan və bir müddət əvvəl İrandan qayıtmış baldızında qeydə alınıb: “Həmin şəxs baldızı İrandan qayıtdıqdan sonra onun karantinə alınmasına imkan verməyib, qadın bir müddət Vasif Talıbovun əmisi nəvəsinin kənddəki lavaş sexində işləyib. Aralıq kəndində koronavirusun qeydə alınmasından sonra bu faktı ört-basdır etməyə çalışıblar və kənd xəstəxanasının baş həkimi Asəf Tağıyevin bu səbəbdən işdən uzaqlaşdırıldığı bildirilir. Hazırda kənddə virusa daha çox adamın yoluxmuş ola biləcəyi ilə bağlı narahatlıqlar var”.

Bu arada, məsələ ilə bağlı Hurriyyet.org-un əldə etdiyi informasiyada isə deyilir ki, Asəf Tağıyev Aralıq kəndində koronavirusa yoluxan şəxslərdən birini evdə müalicə etmək istəyib və bu məlumatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrindən gizli saxlayıb. COVID-19 virusuna yoluxan həmin şəxs isə Vasif Talıbovun yaxın qohumu olub. Məh bu səbəbdən də baş həkim bu cür önəmli bilgini muxtar respublikanın rıhbərliyindən gizlətməyə çalışıb. Lakin bir müddət sonra Vasif Talıbov hadisə ilə bağlı məlumatlandırılıb və dərhal Asəf Tağıyevi Şərur rayon Aralıq kənd xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırıb. Bugünlərdə isə Ali Məclisin sədri keçmiş baş həkimin deputat mandatına da xitam verib.
Hurriyyet.org
Prezidentin icra başçısı təyin etdiyi polkovnik kimdir? - DOSYE Prezidentin icra başçısı təyin etdiyi polkovnik kimdir? - DOSYE Gündəm Vilayət Eyvazov rəisi vəzifəsindən AZAD ETDİ Vilayət Eyvazov rəisi vəzifəsindən AZAD ETDİ Gündəm / Siyasət Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı Gündəm / Maraqlı Gənc ifaçı Vasif yeni mahnısı ilə gündəmə gəlib. - VİDEO Gənc ifaçı Vasif yeni mahnısı ilə gündəmə gəlib. - VİDEO Gündəm / Maraqlı Azərbaycanda keçmiş polis yüksək dozada narkotikdən öldü Azərbaycanda keçmiş polis yüksək dozada narkotikdən öldü Gündəm / Kriminal