21-05-2021, 11:30 Oxunub: 2246

"10 ildən artıq bir müddət ərzində bu vacib məsələ öz həllini tapmamışdır..."

Uzun illərdir əhalinin qazla təmin edilməsi sahəsində aktual problemlərdən biri sayğac nasazlığı və qaz paylama şəbəkəsinə qanunsuz qoşulma nəticəsində dəyən zərərin müəyyənləşdirilməsi məsələsidir. Mövcud qanunvericilik aktları ortaya çıxan məsələlərin tənzimlənməsi tələblərinə cavab vermir və beləliklə həm "Azəriqaz"ın, həm də abonentlərin narazılığına səbəb olur. Azərbaycan məhkəmələri sözün əsl mənasında abunəçilərdən istifadə olunan qaza görə böyük məbləğdə pul yığılması barədə şikayətlərlə doludur, "Azəriqaz” İB isə abunəçilər tərəfindən istifadə olunan qazın silinməsi, sayğacların təmiri və dəyişdirilməsi üçün texniki xərclər nəticəsində yaranan milyonluq pul itkilərindən əllərini üzüb şikayətlənir.
 
Mütəxəssislər məsələnin son həllini zərərlərin hesablanması prosedurunu qanunvericiliklə müəyyənləşdirəcək yeni aktların qəbul edilməsində görürlər.
 
Virtualaz.org yeni qaydaların qəbulu ilə bağlı işlərin necə irəlilədiyi barədə "Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevlə söhbət edib.
 
- Hörmətli Ruslan müəllim, qüvvədə olan sahə üzrə qanunvericilik aktlarının "Azəriqaz” İB-nin fəaliyyətinin normal tənzimlənməsi tələblərinə cavab verib-verməsinə dair nə deyə bilərsiniz?
 
- Təəssüf ki, mövcud qanunvericilik sahə üzrə münasibətlərin hərtərəfli nizamlanması  tələblərinə cavab vermir. Bu hal təkcə Birliyin fəaliyətinin tənzimlənməsi baxımından deyil, eləcə də dövlətin maraqlarının və istehlakçıların hüquqlarının təmin olunması nöqteyi nəzərindən də aktualdır. Sahə üzrə münasibətləri tənzimləyən əsas normativ-hüquqi aktlar AR "Qaz təchizatı haqqında” qanunu (Qanun) və AR NK tərəfindən təsdiqlənmiş "Qazdan istifadə qaydaları”dır (Qaydalar). Qanun 23 il öncə 1998-ci ildə, Qaydalar isə  10 il əvvəl 2011-ci ildə qəbul edilib. Üstün hüquqi qüvvəyə malik olan və bu günədək 47 dəyişiklik və əlavələr edilən Qanun bu dövrün tələblərinə cavab vermir. Məsələn, istər maliyyə-iqtisadi, istərsə də sosial baxımından mühüm əhəmiyyət kəsb edən qanunsuz istehlak (sayğaca müdaxilə, qaz xəttinə kənar qoşulma) nəticəsində dəymiş zərərin müəyyən edilməsi və tələb olunması qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır.
 
Sayğacın müdaxilə nəticəsində qüsurla çalışmasının bir mənalı olaraq əhali kateqoriyasına aid istehlakçının xeyrinə (göstəricilərin real istifadə həcmindən az təsbit olunması) və qaz paylayıcısının ziyanına (sayğacın "Azəriqaz” İB-nin vəsaiti hesabına təmiri, əvəzləşdirilməsi və qaz itkisi nəticəsində zərərin əmələ gəlməsi) olmasına baxmayaraq, qanunvericilikdə təqsirin müəyyən edilməsi mexanizminin olmaması səbəbindən müdaxilə nəticəsində qanunsuz istehlak halları üzrə bütün yaranmış xərclər (sayğacın çıxarılması, nəqli, təmiri, əvəzlənməsi, yenidən quraşdırılması, itirilmiş qazın və ya onun dəyərinin silinməsi və s.) əsassız olaraq Birlik tərəfindən qarşılanmalı olur. Qaydalrın 4.8-ci bəndinə görə "Azəriqaz” İB sayğacların mühafizəsinə olunmasına görə deyil, dövlət standartlarının tələblərinə cavab verən sayğacların işlək vəziyyətində olmasına (normal çalışmasına) görə məsuliyyət daşıyır.
 
Əhali kateqoriyasına aid olan abonentlərin sayının 2 mln. 360 minə yaxınlaşmasını və ildən-ilə onların sayında artım tendensiyasının müşahidə olunmasını, habelə əməkdaşlarımızın ümumiyyətlə çatımlığı mümkün olmayan çoxmənzilli yaşayış binalarının eyvanlarında quraşdırılmış sayğacların sayının çoxalmasını nəzərə alaraq, sayğacların mümkün olan müdaxilələrdən Birlik tərəfindən mühafizəsi nəinki real vəzifə deyil, hətta analoji gözləntilərin yaranması belə obyektivlikdən çox uzaqdır. Bundan başqa, qaz xəttinə kənar qoşulma hallarında dəymiş zərərin müəyyən edilməməsi də sui-istifadə hallarına münbit şərait yaradır, maliyyə itkilərinə və sosial narazılığın əmələ gəlməsinə səbəb olur. Sayı artmaqda davam edən təbii qazdan qanunsuz istehlak halları barədə  "Azəriqaz” İB tərəfindən mütəmadi olaraq geniş ictimaiyyətə KİV vasitələri ilə silsilə şəklində məlumatllar (materiallar) təqdim olunur.
 
Beləliklə, dövlətin əmlakının talanması, qaz paylayıcısının iri məbləğdə zərərlə işləməsi (2020-ci ildə 111 mln, cari ilin 4 ayı üzrə 41 mln.), eləcə də kütləvi xarakter daşıyan məhkəmə mübahisələndirilməsi hallarının qarşısının alınması (minimuma endirilməsi) məqsədilə qanunsuz istehlak nəticəsində yaranmış itkilərin hesablanması qaydasının qanunvericiliklə müəyyən edilməsi zəruridir. Bununla əlaqədar Qaydaların təkmilləşdirilməsi Qanuna müvafiq əlavə və dəyişikliklər edilməsi ilə şərtlənilir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Qanun sahə üzrə əsas və üstün hüquqi qüvvəyə malik sənəddir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” AR Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamının 2-ci bəndi ilə AR Nazirlər Kabinetinə "Qaz təchizatı haqqında” qanunun yeni layihəsinin hazırlanması tapşırılmışdır.
 
 - Sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair "Azəriqaz” İB tərəfindən hər hansı bir təşəbbüs göstərilib?
 
- Təbii ki, illərcə tənzimlənməməsi səbəbindən qaz təsərrüfatının inkişafında, abonent məmnuniyyətinin təmin olunmasında ciddi problemlər yaratdığına görə  "Azəriqaz” İB tezliklə sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılmasında çox maraqlıdır. Birliyin mütəxəssislərinin iştirakı ilə müxtəlif dövrlərdə SOCAR tərəfindən müvafiq qaydada sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təşəbbüslər irəli sürülmüşdür. Qanuna edilən bütün əlavə və dəyişiliklərin müzakirəsində mütəxəssislərimiz fəal iştirak etmişlər. Təəssüf ki, itkilərin hesablanması qaydası bu günədək qanunvericiliklə tənzimlənməmiş qalmışdır. Vaxtı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən 2006-cı ildə 55 nömrəli əmri ilə "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” təsdiq edilmişdir. Lakin həmin nazirliyin 31 yanvar 2011-ci il tarixli 8 nömrəli əmri ilə bəhs edilən qayda qüvvədən düşürülmüşdür. Odur ki, 10 ildən artıq bir müddət ərzində sosial-iqtisadi əhəmiyyət kəsb edən bu vacib məsələ normativ-hüquqi akt səviyyəsində öz həllini tapmamışdır. Onu da qeyd etmək lazımdır ki, məsələnin həlli üzrə nə SOCAR, nə də "Azəriqaz” İB səlahiyyət sahibi deyildir.
 
- Ruslan müəllim, uzun illərdi tənzimlənməyən qanunsuz istehlak nəticəsində yaranmış itkilərin hesablanması qaydasının yaxın vaxtlarda qəbul edilməsi gözlənilirmi?
 
- Bildiyimiz kimi, ölkə başçısının rəhbərliyi altında xalqın rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində əhaliyə göstərilən kommunal xidmət səviyyəsinin yüksək standartlara uyğunlaşdırılması və bu xidmətlərə çatımlığın asanlaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezident hər zaman ictimai əhəmiyyət kəsb edən, cəmiyyəti maraqlandıran və narahat edən məsələlərə böyük həssaslıqla yanaşır, problemlərin operativ və əsaslı həll olunması, sahə üzrə inkişaf perspektivlərinin müəyyən edilməsinə dair tənzimləyici qərarlar qəbul edir, müvafiq göstərişlər verir. Hələ AR Nazirlər Kabinetində 30.04.2019-cu il tarixində keçirilmiş, 2019-cu ilin 1-ci kvartalı üzrə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasdakı çıxışında dövlət başçısı cənab İlham Əliyev ölkə üzrə qazlaşmanın yüksək səviyyədə olmasını və bu istiqamətdə müsbət tendensiyanın davam etdirilməsini bildirməklə yanaşı, əhalinin narazılığına səbəb olan qaz itkilərinin hesablama qaydasının olmamasına dair haqlı iradını bildirmiş, tezliklə bu problemlərin aradan qaldırılması, enerji təchizatında maksimal dərəcədə ədalətin və şəffaflığın təmin edilməsinə dair tapşırıq vermişdir. Bu tapşırığın icrası olaraq hazırlanmış, SOCAR da daxil olmaqla aidiyyəti qurumlarla razılaşdırılmış Qaydalar layihəsi qəbul edilməsi üçün müvafiq qaydada təqdim olunmuşdur. Ümidvar olmaq istərdik ki, yaxın vaxtlarda qanunsuz istehlak nəticəsində yaranmış itkilərin hesablanması məsələsi Qaydalar səviyyəsində öz həllini tapacaqdır.
"Azəriqaz"dan sayğac AÇIQLAMASI: YALANDIR "Azəriqaz"dan sayğac AÇIQLAMASI: YALANDIR Gündəm / Sosial DÖVLƏT  YOL   POLİSİNİN  QANUNSUZ  ƏMƏLLƏRİNƏ  KİM  SON  QOYACAQ...? DÖVLƏT YOL POLİSİNİN QANUNSUZ ƏMƏLLƏRİNƏ KİM SON QOYACAQ...? Gündəm / Sosial İndi görən, nəyimin açıq qaldığı görünür...? İndi görən, nəyimin açıq qaldığı görünür...? Sosial / Köşə Pressaz.az saytının rəhbəri Ramilə Atəş Fəxri Fərmanla təltif olunub – FOTO Pressaz.az saytının rəhbəri Ramilə Atəş Fəxri Fərmanla təltif olunub – FOTO Gündəm / Sosial Pensiya və sosial yardım alanlar üçün — VACİB XƏBƏR Pensiya və sosial yardım alanlar üçün — VACİB XƏBƏR Gündəm / Sosial