26-09-2019, 16:34 Oxunub: 2314

DİQQƏT! Kamera çəkir - BNA-nın hədəfinə tuş gələn SÜRÜCÜLƏR OXUSUN

DİQQƏT! Kamera çəkir - BNA-nın hədəfinə tuş gələn SÜRÜCÜLƏR OXUSUN

Ötən ildən başlayaraq, yol kənarında saxlayan maşınların dayanma-durma, parklanma qaydalarına Dövlət Yol Polisi (DYP) deyil, Bakı Nəqliyyat Agentliyi (BNA) nəzarət edir. Hətta bunun üçün BNA-nın evakuatorları da iş başındadırlar. Amma sürücülər etiraf edirlər ki, nəzarətin hansı quruma keçməsindən asılı olmayaraq, nəticə dəyişməz olaraq qalır. Hətta vəziyyət daha da qəlizləşib.

Bəs belə olan təqdirdə, DYP-in səlahiyyətinin əlindən alınıb BNA-ya verilməsində məqsəd nə idi? Qurumların işləmə mexanizimində hansı fərqlər mövcuddur? Nəqliyyat mütəxəssisləri kimin fəaliyyətinə "5" qiyməti verir?

Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, nə o zaman, nə də hazırkı vaxtda nəzərəçarpacaq hal müşahidə olunmur:

"Əksinə hər gün daha çox sürücü cərimələnir. Bu da o deməkdir, hər gün daha çox qayda pozuntusuna yol verən sürücü var. Daha çox narazı sürücü meydana çıxır. Çünki heç kim cərimələnmək istəmir. Hamı da özünü haqlı sayır. Bir az dərinə getsək, görərik ki, həqiqətən də insanların haqlı tərəfləri də var. Məsələn, insan xəstəxanaya gəlib, avtomobilini harada saxlamalıdır? Yaxınını son nəfəsinə az qalmış çatdırıb xəstəxanaya, sən də maşını cəriməliyirsən. Bu hansı dərəcədə insani keyfiyyətə uyğundur? Adam da var ki, deyir "Aptekə getmişdim". Bu aptekləri elə yerdə qurmaq lazımdır ki, maşın saxlamaq olsun, ya da bu apteklərin qarşısında 5-10 dəqiqəlik maşının qalması nəzərə alınsın. Düzdür, Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verdi ki, biz nəzərə alırıq. Amma sürücüləri dindirsək, deyirlər ki, düşdüm dərman almağa cərimə yazdı. BNA da deyir ki, biz adətən 5-10 dəqiqə hörmət edirik".



E.Muradlı qeyd edib ki, elə yerlər var ki, burada ümumiyyətlə, park etmək mümkün deyil:

"İkinci, üçüncü cərgədə, səkilər və piyada keçidinin üzərində park edilən avtomobillərə görə sürücülərə edilən güzəştin tərəfdarı deyiləm. Sürücülərə yazılan cərimələrin fərqi olmalıdır. Deyək ki, bir adam haradasa nişanın təsiri zonasında maşını saxlayıb, amma heç kimə mane olmur. Digər sürücü isə maşını üçüncü cərgədə saxlayır. Təsəvvür edin, birinci cərgədə maşını saxlayan adamla ikinci, üçüncü cərgədə maşını saxlayan adamın cəriməsi eynidir. Bu, düzgün hal deyil".

Ekspertin sözlərinə görə, nəzarətin BNA-ya verilməsindən sonra da sıxlıq azalmayıb, olduğu kimi qalır:

"Yenə də parkin problemi var. Əksinə nişanların sayı durmadan artmaqdadır. BNA rəsmən açıqlama verib ki, küçələrdən avtomobillər birbaşa evakuasiya ediləcək. Qanunda isə deyilir ki, sürücü avtomobilini park etdiyi zaman digər vətəndaşların hərəkətinə mane olduqda evakuasiya olunmalıdır. Amma BNA geniş bir siyahı yayıb ki, bütün maşınları evakuasiya edəcək. Qanunla BNA arasında ziddiyyət var. Bu, düzgün yanaşma deyil. DYP-nin vaxtında belə idi ki, avtomobilin biri evakuasiya edilirdi, digəri cərimələnirdi. O zaman sürücülər bir-birlərinə xəbər verirdilər ki, yol polisi gəldi. Məsələn, bir küçədə 10 maşın dayanmışdısa, yol polisi ancaq bunun birini evakuasiya edə bilirdi. İki və ya üçünə də ancaq cərimə yaza bilərdi. Amma BNA kameranı qurub, qaçmaq üçün şans yoxdur. Kamera çəkir və hamı da cərimələnir".

Ekspert deyir ki, DYP heç də süddən çıxmış ağ qaşıq deyil:

"Nəzarət DYP-də də olanda neqativ cəhətlər var idi. Yəni, zərurət oldu-olmadı 30 saniyəyə maşın aparılırdı. Bu, rekord göstərici idi. Özü də maşını necə gəldi aparırdılar. Dəfələrlə evakuatordan maşın düşüb əzilmişdi. Hətta elə olmuşdu ki, maşının içində adam ola-ola götürüb aparmışdılar. DYP-nin evakuasiya prosesində çoxlu səhvləri var idi. Səhvləri vaxtında dəyərləndirsəydilər, insanları incitməsəydilər, xəstəxanın, aptekin qarşısından 30 saniyəyə maşınları götürüb qaçmasaydılar, bu gün də elə onlar bu prosesi həyata keçirəcəkdilər".

E. Muradlı qeyd edib ki, yol polisindən çoxlu şikayətlər olduğundan səlahiyyət əllərindən alındı:

"BNA-dan da dayanma-durma ilə bağlı çoxsaylı şikayətlər gəlir. Əvvəllər adi sürücülər bundan şikayət edirdilərsə, indi ziyalı təbəqənin insanları da tez-tez şikayət edirlər. İstəməzdim bu sahədə yenə problem olsun və bu səlahiyyət başqa birinə verilsin. Dayanma-durma, parklanma ilə bağlı yekun olaraq deyim ki, bunun həlli yolu yoxdur. Həlli yolu icra hakimiyyətləri tərəfindən satıldı. Parkinq yerlərinin hamısı tikinti şirkətlərinə satılıb. Bu gün Bakıda elə avtobus dayanacağı var ki, icra hakimiyyəti o avtobus dayanacağında aptek, dönərxana tikilməsinə icazə verib. Rəsmi sənəd də var. Bu, cinayət əməlidir. Yekun olaraq deyim ki, bu işi DYP və BNA birlikdə həyata keçirərsə, qanun çərçivəsində icra olunarsa, sürücü də narazı olmayacaq. Polis də onların tənəsi ilə üzləşmiyəcək. BNA da sürücülərin təzyiqinə məruz qalmayacaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il, iyulun 6-da imzaladığı Fərmanla Dövlət Yol Polisinin (DYP) bir sıra səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması BNA-ya həvalə edilib.
Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO Gündəm / Sosial Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR Gündəm / Sosial Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Gündəm / Sosial Azərbaycandan Ermənistana keçən bəbirlər minaya düşdü Azərbaycandan Ermənistana keçən bəbirlər minaya düşdü Gündəm / Sosial Tanınmış ekspert Bakıda tıxacların azaldılması yollarını söylədi Tanınmış ekspert Bakıda tıxacların azaldılması yollarını söylədi Gündəm / Sosial