Azıx mağarası Azərbaycanın qədim tarixi abidəsidir
Tarixi abidələr bir dövlətin, bir xalqın tarixini bildirir. Hazırda dünyada müxtəlif xalqlar yaşayır, amma onların heç də hamısı zəngin tarixə malik deyil. Biz azərbaycanlılar isə minilliklərin dərinliklərindən süzülüb gələn qədim keçmişimizlə, tarixi abidələrimizlə öyünə bilərik. Belə tarixi abidələrimizdən biri də tarixi min illərlə ölçülən qədim Azıx mağarasıdır. Azıx mağarası—dünyanın ən qədim yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Azıx kəndidir. Azıx Mağarası Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
XX əsrin 60-cı illərində Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azıx mağarasında aparılan qazıntıların işlərinin nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənəsümüyüaşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasına diqqət daha da çoxaldı. Çox keçmədən mağarada Paleolit dövrü və Mezolit dövrünə aid olan daşdan qayrılmışəmək alətləridə aşkar edildi. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin. Bəzi mütəxəssislərin düşüncələrinə görə ayı mağara sakinləri üçün müqəddəs hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində „azıx"-"ayı" deməkdir. Bütün bu göstərdiklərimiz dünyanın ən qədim sakinlərinin yaşayış yerinin Azərbaycanın olduğu haqda fikirləri sübut edir.
Neolit dövrünün öyrənilməsi baxımından çox böyük əhəmiyyətə malik mağara 2001-ci ildən Ermənistan arxeoloqlarının, Böyük Britaniya, İspaniya, İrlandiya və Hollandiyadan gələn alimlərin araşdırma meydanına çevrilmişdi. Erməni alimi Levon Yepiskopyanın başçılığı altında işləyən "tədqiqat qrupu” - İspaniyanın Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo, London Təbiətşünaslıq Muzeyinin elmi işçisi Piter Endryu və bu "layihə"nin "rəhbəri" Tnaya Kinq Azıx mağarasında əldə edilən nadir tapıntıları Londona və Yerevana aparıblar.Azərbaycan qanunlarını pozduqları üçün onlar 2016-cı ildə Azərbaycan Baş Prokurorluğu tərəfindən qaldırılan cinayət işlərinə əsasən, beynəlxalq axtarışa veriliblər.Yəni bir sözlə mənfur düşmənin növbəti saxtakarlığı.
Vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altında idi və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yox idi. O,torpaqların düşmən caynağından azad olunacağı gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağı gün olacaqdı.
Və nəhayətki o gün gəlib çatdı. 2020-ci il sentyabrın 27-də Müzəffər Azərbaycan Ordusunun Ermənistana qarşı başlatdığı uğurlu əks-hücum əməliyyatı ilə noyabrın 9-da tarixi Azıx mağarasının yerləşdiyi Salakətin və Azıx kəndləri işğaldan azad olundu. Nəinki Azərbaycan tarixi üçün, həm də bütün dünya mədəni irsi üçün böyük əhəmiyyətə malik olan bu mağara artıq Azərbaycan Ordusunun nəzarətindədir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və rəşadətli ordumuz sayəsində artıq tarixi abidəmizdə tapdaq altından xilas oldu.Nəhayət ki,haqq ədalət öz yerini tapdı.
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi