18-10-2021, 14:47 Oxunub: 42269

Xocavəndin gözəl təbiət mənzərələri və qədim abidələri ölkəmizin turizm potensialının inkişafına təkan verəcək

Xocavəndin gözəl təbiət mənzərələri və qədim abidələri ölkəmizin turizm potensialının inkişafına təkan verəcək

 


Azərbaycan tarixin böyük bir sınağından ləyaqətlə çıxaraq 30 ildən bəri həlli müşkülə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoydu, tarixi torpaqlarını düşmən tapdağından xilas etdi. Vətən müharibəsi bitər-bitməz dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq, abadlıq işlərinə start verildi. Bildirməliyik ki, bu günədək işğaldan azad olunmuş ərazilərdə xeyli tikinti-bərpa işləri görülüb. Artıq Füzulidən Şuşaya yeni avtomobil yolu çəkilir. Dövlət başçısı bu yolu Zəfər yolu adlandırıb. Prezident İlham Əliyevin martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bir sıra obyektlərin, o cümlədən Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyətə malikdir. Füzuli-Hadrut avtomobil yolu öz başlanğıcını Zəfər yolundan götürür və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

Azərbaycan lideri həmin ərazilərə səfərləri zamanı həmişə dünyaya mesaj verib ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizi silməyə çalışıb, amma buna nail ola bilməyib. Biz bu torpaqlara qayıtmışıq, özü də qəhrəman xalq kimi qayıtmışıq. Dövlət başçısı Xocavənd rayonuna gedərkən yol boyunca bütün yaşayış məntəqələrinin dağıldığını müşahidə etmiş və demişdir: "İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!”.

Vətən müharibəsində hər bir şəhər, qəsəbə, kəndin azad edilməsi bizim üçün böyük əhəmiyyət kəsb etməklə, həm də qələbə gününü yaxınlaşdırırdı. Xocavəndin Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər isə strateji, tarixi və mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyətə malik idi. Ermənilər Azərbaycanın Hadrutu azad edə biləcəyinə inanmırdılar, çünki burada böyük hərbi qüvvə yerləşdirmişdilər. Ancaq düşmən həmişə olduğu kimi, bu dəfə də yanılmışdı. Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun tərkib hissəsi olan Hadrutu azad etdi. İndi bu qəsəbənin də bərpasına start verilib. İlk növbədə avtomobil yolunun təməli qoyulub. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yollarının çəkilməsi planlaşdırılır. "Hadrut” yarımstansiyasının da təməli qoyulub. Qəsəbənin tarixi hissəsinin yenidən qurulması nəzərdə tutulur. Bu məqsədlə artıq binaların təmiri ilə bağlı dövlət başçısı öz tapşırıqlarını verib. Məqsəd Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirməkdir.

Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə bulağı, Baba bulağı, Ballı bulaq və s. kimi onlarla istirahət zonaları vardı. Özünəməxsus təbii sərvətləri, abidələri olan bu qədim yaşayış məskəni 1,5 milyon il yaşı olan Azıx mağarası ilə də məşhurdur. Burada, həmçinin, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində V-VIII əsrlərə aid "Ritiş” qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən "Ərgünəş” qalası, XIII əsrə aid "Rzaqulu bəy” türbəsi, "Aşıqlı qoşa günbəzi”, "Alban” məbədi (1241-ci il), Tuğ kəndindəki "Qırmızı” məbəd adlı X əsrə aid tarixi-memarlıq və incəsənət abidələri və s. var. Əsrarəngiz gözəlliyə malikdir. Bütün bunlar isə bölgəni turizm nöqteyi-nəzərindən də cəlbedici edir.

Xocavənd təbii sərvətlərlə də zəngindir. Rayonun relyefi əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qacacuq dağları ilə əhatələnir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Bu dağların çox hissəsi palıd, cökə, fıstıq, vələs meşəsi ilə örtülüb. Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın "Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Özünəməxsus təbii sərvətləri olan Xocavənddə ehtiyatı 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatı 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var. Təəssüf ki işğal dövründə ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb. Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazidə 6 min hektarlıq sahənin də ağacları qırılaraq məhv edilib.

Rayonun ərazisi tarixi-memarlıq və arxeoloji abidələrlə də zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə, ümumiyyətlə nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Çoxlu sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirən abidələrdir. 27 il erməni vəhşiliyinin qurbanına çevrilən, əsirlikdə qalan bu mədəniyyət nümunələri də indi azaddır. Həmin ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan abadlıq, quruculuq, bərpa işləri çərçivəsində bu tarixi incilər də əvvəlki görkəminə qaytarılacaq.

Ölkə başçısı bununla bağlı deyib: "Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl, səfalı yerlər çox azdır... Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifəni icra edəcək”.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin həcmi böyükdür. Buna baxmayaraq, Azərbaycan dövləti mümkün qədər qısa zamanda o yerlərin bərpa edilməsi və sakinlərin doğma yurd-yuvalarına qayıtması üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır, sadəcə buna zaman gərəkdir.

 

 

Xalidə Sadıqova,

Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri

Hadrut əməliyyatı xüsusi əhəmiyyət daşıyan əməliyyatdır Hadrut əməliyyatı xüsusi əhəmiyyət daşıyan əməliyyatdır Siyasət Kamaləddin Qafarov: “Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!” Kamaləddin Qafarov: “Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!” Siyasət Səttar Möhbalıyev: “Cənab Prezidentin səfəri göstərdi ki, Kəlbəcər və Laçının parlaq gələcəyi uzaqda deyil” Səttar Möhbalıyev: “Cənab Prezidentin səfəri göstərdi ki, Kəlbəcər və Laçının parlaq gələcəyi uzaqda deyil” Siyasət Kamaləddin Qafarov: “Müharibə dövründə də, sülh dövründə də Azərbaycanın yolu Zəfər yoludur!” Kamaləddin Qafarov: “Müharibə dövründə də, sülh dövründə də Azərbaycanın yolu Zəfər yoludur!” Siyasət Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan ediməsi regionun ictimai-siyasi həyatının canlanması baxımından tarixi əhəmiyyətə  malikdir Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan ediməsi regionun ictimai-siyasi həyatının canlanması baxımından tarixi əhəmiyyətə malikdir Gündəm / Mədəniyyət